Yazını böyüt
Yazını kiçilt
"Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza son səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmaqla yanaşı, bütövlükdə çətin reliyefdə inşa edilən hava limanı baxımından da fərqlənəcək".
Hafta.az-ın yazdığına görə, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, oxşar relyefə malik hava limanları Nepal, Portuqaliya, Butan və digər az sayda ölkədə fəaliyyət göstərir.
"Laçında inşa edilcəcək hava limanında uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və 6 təyyarə dayanacağının inşası planlaşdırılır. Aeroport Laçın şəhərindən 30, Kəlbəcər şəhərindən 60, Şuşa şəhərindən isə 70 kilometr uzaqlıqda yerləşəcək. Gözlənilir ki, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanından yararlanmaq imkanları olacaq", - deyib millət vəkili.

V.Bayramov qeyd edib ki, Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə hərbi və strateji əhəmiyyəti ilə yanaşı, eyni zaman iqtisadi üstünlüklərə də malik olacaq. Çünki Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib. Hazırda sözügedən iqtisadi rayonun Azərbaycan iqtisadiyyatında payı cəmi 0,1 faizdir. "İşğal dövründə 4 rayonu əhatə edən bu bölgəmiz illik toplam 97 milyon 838 min manatlıq məhsul edib. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Bununla belə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu isə illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir" deyən V.Bayramova görə, digər tərəfdən, aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə turizm potensialının artırılmasına səbəb olacaq.
Millət vəkili qeyd edib ki, Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan yaradacaq. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur və bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın hava limanının rentabelli işləməsinə şərait yaradacaq.
V.Bayramov sonda deyib ki, bütövlükdə Şərqi Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensialı var və bu, qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara çıxarılması baxımından da yeni aeroportun inşasına ehtiyac var idi.
Qeyd edək ki, Laçı Hava Limanının 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir.